Şuşa Şəhərinin İşğalı
Azərbaycanın Şuşa şəhərinin işğalından 20 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.
Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.
Ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisi müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklərlə zəngindir. Qafqazın ən iri mineral bulaqlarından sayılan Turşsu və Şırlan məhz bu ərazidə yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, Şuşada ümumi ehtiyatı 1143 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, 397 min kubmetr kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min kubmetr/gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min kubmetr/gün mineral su yataqları var. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib...
Allah bütün şəhidlərimizə rəhmət etsin!